Proyekt.az Proyekt.az Proyekt.aza> Proyekt.az Proyekt.az
Cəfər Cabbarlı

Cəfər Cabbarlı

Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində (hazırda rayon mərkəzidir) yoxsul kəndli ailəsində anadan olub. Şahbikə xanım Cəfəri təhsildən məhrum etməmək üçün, əvvəlcə məhəllə mollasının yanında “çərəkə” oxumağa, bir müddət sonra isə molla Qədirin yanına quran oxumağa qoyur. Mollaxananın ona bir şey vermeyəcəyini başa düşən Cəfər başqa uşaqlar ilə birlikdə 1905-ci ildə “Starıy Poçtovı-25”-də Hacı Məmmədhüseyn Bədəlovun şəxsi mülkündə açılan üçsinifli “7-ci müsəlman və rus” məktəbinin birinci sinfinə daxil olur. Cəfərin ilk müəllimləri pedaqoq-yazıçı Süleyman Sani Axundov, Abdulla Şaiq, Rəhim bəy Şıxlinski, Əliməmməd Mustafayev idi. Cəfər Cabbarlı 1908-ci ildə “7-ci müsəlman və rus” məktəbini bitirərək bir müddət ailəyə kömək edir. Sonralar Bakıda Alekseyev adına “3-cü ali ibtidai” məktəbdə oxuyur. 1915-ci ilin aprelin 2-də Cəfər məktəbi bitirir.

1915-ci ildə Bakı Politexnik Məktəbinin elektro-mexanika şöbəsinə daxil olan yazıçı 1920-ci il mayın 6-da təhsilini başa vuraraq şəhadətnamə və attestat alır. Sonra Azərbaycan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olur. Lakin o, ərizə yazıb həmin fakültədən çıxır. 1923-cü ilin sentyabrından Cabbarlı səhnə aləmi və teatr tarixi ilə yaxından tanış olmaq məqsədilə Bakı Türk Teatr Məktəbində mühazirələrə qulaq asmağa başlayır. Eyni zamanda 1924-cü ildə Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin tarix şöbəsində də təhsilini davam etdirir.Cabbarlı ədəbiyyata şeirlə gəlmişdi və ilk mətbu şeirləri 1911-ci ildə “Həqiqəti-Əfkar” qəzetində dərc olunmuşdu. 1915-ci il aprel ayının 3-də “Məktəb” jurnalının 6-cı nömrəsində onun “Bahar” adlı şeiri nəşr olunmuşdu. “Məktəb” jurnalı tutduğu mövqe və məktəblilər arasında geniş yayılması ilə C.Cabbarlını da özünə cəlb edə bilmişdi. C.Cabbarlının yaradıcılığa başlamasında “Məktəb” jurnalının da müəyyən rolu olmuşdur.

1915-ci ildə “Qurtuluş” jurnalı tərəfindən elan edilmiş müsabiqədə Cabbarlının “Qürub çağı bir yetim” şeiri bəyənilmiş və o, birincilik qazanaraq Sabirin “Hophopnamə”si və “Qurtuluş” jurnalının birillik abunəsi ilə mükafatlandırılmışdı.

Gənc Cabbarlı hələ uşaq yaşlarından insanların ağır vəziyyətini, cəmiyyətin yoxsullara və varlılara bölündüyünü görür, ağır, məşəqqətli həyat içərisində yaşamasını müşahidə edir və bütün bunları qələmə almağa, onlara öz münasibətini bildirməyə çalışır. Ayrı-ayrı ailələrin ağır vəziyyəti onu düşündürür. O, düşündüklərini “Boranlı qış gecəsi”, “Bayram saxlayanlara”, “Dilənçi” və “Novruz bayramına hazırlaşan müsəlmana töhfə” kimi şeirlərində əks etdirmişdir.

“Hürriyyəti-nisvançılara protesto”, “Arvadlar deyirlər”, “Kişilər deyirlər”, “Qızlardan kişilərə protesto” və başqa şeirlərində şair vaxtilə dəb halını almış qadın azadlığı məsələsinin yarımçıq həll edildiyindən, qadınların hələ də ibtidai hüquqlardan məhrum olduğundan bəhs edirdi. Bəzən şairin tənqid atəşi ictimai, siyasi məsələlərə doğru yönəlir, dövlət quruluşundakı nöqsanları ifşa edir.

Səsli kitab