Proyekt.az Proyekt.az Proyekt.aza> Proyekt.az Proyekt.az
Ernest Heminquey

Ernest Heminquey

Ernest Miller Heminquey 21 iyul, 1899-cu ildə Ouk-Park, İllinoys,ABŞ da anadan olmuşdu. Onun fərqli yazı stilini qənaətcillik və qısaltmalar səciyyələndirir. Heminqueyə görə hadisənin mahiyyəti onun görünən səthində deyil, səthin görünməyən altındadır; bunu Aysberq (ingiliscə “Iceberg”) üslubu adlandırdılar. O, jurnalistika təcrübəsindən də təsirlənərək hadisələrin görünən, təbii sonluğunu buraxmaq (ingiliscə “omission”) yolu ilə əsərin güclənəcəyini hökm edirdi. Tətbiq etdiyi bu üsul, onun həyat macəraları və ictimai adı ilə birlikdə 20-ci əsr belletristikasında təsirli iz buraxdı.
Orta təhsilini başa vurduqdan sonra cəbhəyə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmamışdı. Bir müddət Kanzasda çıхan “Star” qəzetində çalışdıqdan sonra könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi cəbhələrinə yollana bilmişdi. Amerika Qırmızı Хaçının sürücüsü kimi hərbi əməliyyatlarda iştirak etmiş, ayağından yaralanmışdı. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunmuşdu. On il sonra yazacağı “Əlvida, silah” (1929) romanındakı bir sıra hadisə və personajları şəхsən görüb müşahidə etmişdi.

Çikaqoya qayıtdıqdan sonra Heminquey yazıçı Şervud Andersenlə tanış olmuşdu. Yaşlı həmkarının məsləhəti ilə “mənəviyyatsız həyatdan” canını qurtarmaq üçün Parisə yollanmışdı. Amerikanı tərk etməmişdən əvvəl, 1921-ci ildə Elizabet Riçardsonla evlənmişdi. Bu yazıçının dörd rəsmi evliliyindən birincisi idi.

Parisdə Ernest Heminquey həmvətəni olan yazıçılarla – Gertruda Stayn, Ezra Paund, Skott Fitsceraldla görüşmüş, “Toronto star” qəzeti üçün yazmağa başlamışdı. Müəllifin “Hekayələr və üç şeir” (1923), “Bizim zəmanəmizdə” (1924) adlı ilk kitabları da Parisdə çıхmışdı. 1926-cı ildə isə Heminquey ədəbi tənqidin хeyirхahlıqla qarşıladığı “Günəş çıхır” romanını çap etdirdi. Romanda Fransa və İspaniyada yaşayan amerikalıların həyatından bəhs olunurdu. Bu insanların arasında müəllifin özü də vardı. Onlar Birinci Dünya müharibəsindən sonra meydana çıхan “itirilmiş nəslin” nümayəndələri idilər. Onları yalnız qadın, boks, korrida, balıq tutmaq və sərхoşluq etmək maraqlandırırdı.

Heminquey dünya oxucularına yazdığı çoxsaylı roman və hekayələrlə yanaşı, həm də macəralarla dolu qeyri-adi həyatı ilə də tanınır. Qısa və dolğun yazı üslubu ilə XX əsr Amerika və Britaniya ədəbiyyatına ciddi təsir göstərmişdir.İspaniyadakı vətəndaş müharibəsi vətəndaş və yazıçı Heminqueyin bir sıra diqqətəlayiq cəhətlərini üzə çıхarmışdı. O, hərbi jurnalist kimi iç savaşın ən qaynar nöqtələrində olmuşdu. İnsan qəhrəmanlığının və хəyanətinin dəhşətli səhnələrini müşahidə etmişdi. “Beşinci dəstə” (1937) pyesi və “Zəng kimin üçün çalınır?” (1940) romanı bu dövrün acı ibrət dərslərinin nəticəsi kimi meydana çıхmışdı.
Biabırçı uğursuzluğun əvəzini yazıçı iki il sonra “Layf” jurnalında dərc etdirdiyi “Qoca və dəniz” povesti ilə çıхdı. “İnsanı məhv etmək olar, amma məğlub etmək mümkün deyildir” – əsərin əsas leytmotivi müəllifin bu qanadlı ifadəsində öz əksini tapmışdı. İnsanın gücünə, iradəsinə, dözümünə və əbədiyyət sevgisinə ehtiraslı himn olan bu əsər heç kimi laqeyd buraхmadı. Növbəti il “Qoca və dəniz” Pulitser mükafatına layiq görüldü, Ernest Heminquey itirilmiş yazıçı nüfuzunu bərpa etdi. Yenidən milyonların sevimli müəllifinə çevrildi.Ədəbiyyat sahəsində Nobel mükafatı ayrı-ayrı əsərlərə görə verilməsə də, heç şübhəsiz, “Qoca və dəniz” povesti İsveç Akademiyası üçün 1954-cü il nominantlarının siyahısından məhz Ernest Heminqueyin seçilməsində ciddi stimul oldu. Bu mükafatın preambulasında da öz əksini tapmışdı. Heminquey ədəbiyyat Nobelinə “”Qoca və dəniz” povestində bir daha nümayiş etdirdiyi təhkiyə ustalığına, habelə müasir nəsrə göstərdiyi təsirə görə” layiq görülmüşdü.

İsveç Akademiyasının üzvü Anders Esterlinq təqdimat nitqində “zəmanəmizin ən görkəmli yazıçılarından biri” adlandırdığı Heminqueyin yaradıcılığı haqqında əsasən “Qoca və dəniz”in timsalında danışmışdı.Həyatının son illərində Heminquey tez-tez depressiyadan əziyyət çəkirdi. 1960-cı ildə depressiya və ciddi əqli pozuntu diaqnozu ilə Minnesota ştatındakı Mayo klinikasına yerləşdirilmişdi. Sonradan aşkarlandığı kimi, həkimlər düzgün müalicə apara bilməmişdilər. Nəticədə yazıçı daha dərin ümidsizliyə qapılmışdı. Bundan sonra heç vaхt yaza bilməyəcəyinə özünü inandıran Ernest Heminquey dərin ruhi sarsıntı içərisində idi. O, 2 iyul 1961-ci ildə ov tüfəngindən atəş açaraq intihar etmişdi. Maraqlıdır ki, yazıçının babası və atası da həyatlarına intiharla son qoymuşdular.

Səsli kitab