Proyekt.az Proyekt.az Proyekt.aza> Proyekt.az Proyekt.az
Şəmil Sadiq

Şəmil Sadiq

Şəmil Kamil oğlu Sadıqov 1978-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Babək Rayonunun Nehrəm kəndində doğulmuşdur. İlk təhsilini həmin kəndin C.Məmmədquluzadə adına 1№ li orta məktəbdə almışdır. 1996-cı ildə BDU-nun Filologiya fakültəsinə qəbul olmuş, bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirmişdir. Universitetdə oxuduğu müddətdə fakültə THİK-nin sədri olmuşdur.
2003-2006-cı illərdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspirantı olmuş, 2007-ci ilin may ayında “Hüseyn Cavid yaradıcılığında qəhramanlıq konsepsiyası” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır.
Əmək fəaliyyətinə 2001-ci ildən Yasamal rayonundakı 20№ li məktəb-liseydə müəllim kimi başlamış, 2008-2014-cü illərdə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda dosent vəzifəsində, 2014-cü ilin fevral-noyabr tarixlərində isə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda direktor müavini vəzifəsində çalışmışdır.
2005-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsində iştirak etmiş, “Ədəbiyyatın İnternetlə Tədrisi” mövzusunda açıq dərs keçərək ilin ən yaxşı müəllimi adına layiq görülmüşdür.
2006-2007-ci illərdə AR Təhsil Nazirliyinin Qiymətləndirmə şöbəsinin “Azərbaycan dili üzrə Kurikulum layihəsi”ndə milli məsləhətçi kimi fəaliyyət göstərmişdir.
2010-cu ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda “İlin ən yaxşı müəllimi” seçilmişdir.
2008-ci ildə şəxsi təşəbbüsü və səyi ilə “Hədəf Kursları” MMC-ni, 2009-cu ildə isə Hədəf Nəşrləri MMC-ni təsis etmişdir.
Bir müddət “Vətən Övladı” qəztinin redaktoru olmuş Sadıqov Şəmil Kamil oğlu 33 elmi-metodik, 5 bədii kitabın, 50-yə qədər elmi məqalənin müəllifi və ya həmmüəllifi, onlarla kitabın redaktoru və ya rəyçisidir.
“Hüseyn Cavid yaradıcılığında sənətkarlıq məsələləri”, “Hüseyn Cavid yaradıcılığında qəhrəman konsepsiyasi” adlı monoqrafiyalarının, orta məktəb şagirdləri üçün “Azərbaycan dili”, “Ədəbiyyat”, xaricdə yaşayan azərbaycanlılar və xarici vətəndaşlar üçün “Azərbaycan dilini öyrənirəm” dərs vəsaitlərinin müəllifi, uşaqlar üçün “Dədə Qorqud” və “Azərbaycanımızı tanıyaq” adlı layihələrin ideya müəllifi və redaktoru, Xocalı faciəsinə həsr edilmiş “Ümidlərin izilə” tarixi romanının həmmüəllifidir.
“Qana qan qarışdı” pyesi 2010-cu ildə C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulmuşdur.
2010-cu ildə Bakı Pedaqoji Kadrlar və İxtisasartırma İnstitutunun Elmi Şurasının qərarı ilə İlin ən yaxşı müəllimi seçilmişdir.
2010-cu ildə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Fənlərin Dostluğu Olimpiadasını, 2014-cü ildə “Anamın kitabı” ədəbi mükafatını təsis etmişdir.
“OdƏrlər” tarixi-fəlsəfi romanı “2023” yayın evi tərəfindən 2014-cü ildə Türkiyə Cümhuriyyəti İstanbul şəhərində Türkiyə türkcəsində cap edilmişdir.
Hal-hazırda AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun doktorantıdır, Hədəf Şirkətlər Qrupunun Baş direktoru vəzifəsində çalışır.
“Müstəqillik dövrü Azərbaycan romanı: tarixilik və müasirlik” mövzusunda dissertasiyası və Azərbaycan Xalq yazıçısı İsa Muğanna yaradıcılığını üzərində araşdırmalar aparır.
Ailəlidir, bir oğlu, iki qızı var.

Səsli kitab