Proyekt.az Proyekt.az Proyekt.aza> Proyekt.az Proyekt.az
Yusif Vəzir Çəmənzəminli

Yusif Vəzir Çəmənzəminli

Yusif Vəzir Çəmənzəminli 1887-ci il sentyabr ayının 12-də Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur[2]. Yusif Vəzirin atası Məşədi Mirbaba Mirabdulla oğlu Vəzirov Şuşa bəylərindən biri idi. Onun bəyliyi 1873-cü il aprel ayının 13-də Şuşa qəza idarəsi tərəfindən təsdiq edilmiş və ona bu haqda şəhadətnamə verilmişdir. Yusif Vəzirin daşıdığı Vəzirov soyadı XVIII əsr Qarabağ hökmdarı İbrahimxəlil xanın nüfuzlu vəzirlərindən biri olan Mirzə Əliməmmədağanın tutduğu vəzir vəzifəsinə bağlı olaraq nəsildən-nəsilə keçmişdir. İbrahimxəlil xanın vəziri Mirzə Əliməmmədağa Vəzirov soyadını daşıyan Məşədi Mirbaba (Yusif Vəzirin atası) nəslinin ulu babasıdır.

1797-ci ilin iyun ayında İran hökmdarı Ağaməmməd şah Qacar, Şuşanı zəbt etdiyi zaman İbrahimxəlil xan tərəfindən Türkiyə dövlətinə yenicə səfir təyin olunmuş Mirzə Əliməmmədağanı dustaq etdirib qətlə yetirir. Bununla da, Mirzə Əliməmmədağaya səfir olmaq qismət olmur.

Uzun illərdən sonra Türkiyədə səfirlik etmək Mirzə Əliməmmədağa nəslinin nümayəndəsi Y.V.Çəmənzəminliyə nəsib olur. O, 1919-cu ildə yeni yaranmış Azərbaycan Demokratik Cümhuriyyətinin Türkiyədə ilk səfiri olur. Yusif Vəzirin atası Məşədi Mirbaba İran, Orta Asiya və Türkiyənin bir qismini gəzmişdi, fars və türk dillərini mükəmməl bilirdi. O, ədəbiyyat ilə də məşğul olardı və Firdovsi ilə Füzulini çox sevərdi. Eyni zamanda xanəndələrə muğamatdan dərs deyərmiş. Məşədi Mirbaba gənc yaşında var-dövlətini qonaqlıqlarda xanəndə-sazəndələrə, yeyib-içməyə xərcləyib, kasıb düşdükdən sonra Ağdamda attar (dərman və ədviyyat satan) dükanı açır və orada nüsxəbəndlik (qədim tibb kitabları əsasinda dərman düzəldən həkim) edir.
Yusif Vəzirin xalq nağıllarından götürülmüş uşaqlar üçün yazdığı məşhur “Məlik Məmməd” nağılı 1910-cu ildə Kiyevdə yazılmış və 1911-ci ildə kitabça şəklində nəşr olunmuşdur. Kiyevdəki nəşriyyat heyəti Azərbaycanın tarixinin yazılması təşəbbüsünü də irəli sürürdü. Bu barədə Yusif Vəzir 1913-cü il mart ayının 12-də “Sədayi-həqq” qəzetində çap etdirdiyi “Biz kimik?” məqaləsində yazırdı: “… Tarixin millətimizə nə qədər mənfəəti olduğunu nəzərə alıb Kiyev müsəlman studentlərinin nəşriyyat heyəti ərbabi qələmimizdən Azərbaycan tarixini yazmağı rica edir. Tarix müxtəsər və sadəcə Azərbaycan dilində olmalıdır. Onu heyət təb etdirməyi öhdəsinə götürür və bundan əlavə tarix müəllifinə mükafat da verməyi vəd edir”. Yusif Vəzir 1912-ci ildə “Yeddi hekayə”, 1913-cü ildə isə “Həyat səhifələri” adlı kitablarını Kiyevdə çap etdirir. Onların hər nüsxəsinin Qori müəllimlər seminariyasının müəllimi, görkəmli ədəbiyyatşünas Firudin bəy Köçərliyə göndərir. Firudin bəy kitabçaları aldıqdan sonra Qoridən Kiyevə göndərdiyi məktublarla Yusif Vəzir yaradıcılığına, onun mədəniyyət sahəsində xidmətlərinə yüksək qiymət verir.

Beləliklə, Yusif Vəzirin Kiyevdəki 5 illik tələbəlik həyatı ədəbi və elmi sahədə çox əlverişli olmuşdu. O zaman o, dini məsələ, qadın məsələləri və uşaq tərbiyəsi ilə son dərəcə maraqlanırdı. Nəticədə “Arvadlarımızın halı”, “Qanlı göz yaşları”, “Ana və analıq” kitabları meydana çıxır. 1915-ci ildə Birinci dünya müharibəsinin gedişi ilə əlaqədar olaraq alman hücumundan çəkinən çar hökuməti Kiyev Universitetini müvəqqəti olaraq Saratova köçürdüyü üçün Yusif Vəzir universiteti 1915-ci ildə Saratovda bitirir. O, universiteti bitirdikdən sonra Saratov məhkəmə palatasında hakimlik vəzifəsinə namizəd qəbul olunur. Yusif Vəzirin tutduğu vəzifə maaşsız olduğu üçün bir neçə aydan sonra başqa iş axtarmaq üçün Kiyevə gedir. Orada “Zemstvo” təşkilatına daxil olub cəbhəyə gedir.

Fevral ingilabı baş verən zaman Yusif Vəzir Qalitsiyada idi. 1917-ci ildə Ukraynanın həyəcanla doğulan milli hərəkatı bütün Rusiya daxilində yaşayan qeyri-rus millətlərə örnək olur. Bununla əlaqədar Yusif Vəzir 1917-ci ildə Qalitsiyadan Kiyevə gəlir. Orada siyasi təşkilata ehtiyac olduğunu hiss edib Kiyevdə oxuyan azərbaycanlı tələbələri ətrafına toplayaraq Türk Ədəbi Mərkəziyyə firqəsi “Musavatın” Kiyev şöbəsini yaradır. Həmin şöbəyə başçılıq etmək üçün Yusif Vəzir sədr seçilir. Müstəqil Ukrayna Respublikası yarandıqdan sonra Azərbaycan Demokratik Cumhuriyyəti Yusif Vəziri Ukraynada diplomatik nümayəndə təyin edir. Yenicə işə baslamış diplomatik nümayəndəliyin əsas məqsədi Azərbaycanı Rusiya ictimaiyyətinə tanıtmaq idi. Ona görə də onlar müsamirələr təşkil etməklə bərabər, Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti, ticarəti və iqtisadiyyatı haqqında çoxlu məqalələr yazıb mətbuatda çap etdirirlər. Beləliklə, Azərbaycan yavaş-yavaş tanınmağa başlayır.

Yusif Vəzir həmin təşkilatda işlədiyi dövrdə “Azərbaycanın Muxtariyyatı” və “Biz kimik və istədiyimiz nədir?” kitablarını yazıb çap etdirir. Yusif Vəziri düşündürən və narahat edən məsələlərdən biri də Azərbaycanın milli marşının olmaması idi. Bununla əlaqədar onun 1917-ci il dekabr ayının 19-da “Açıq söz” qəzetində çap etdirdiyi məqalədə deyilirdi: – “Hər bir millətin özünəməxsus bir milli nəğməsi var. O nəğmə oxunduqda millət fərdlərinin ruhu ucalır. Mübarizə edib öz xalqını mühafizə etmək xahişi artır. Bizim isə bu nəğməmiz yoxdur. Odur ki, milli ruhumuz da yoxdur. Düşməni yıxmaq üçün də milli ruh lazımdır. Milli şərqi əmələ gətirmək üçün şairlərimiz və musiqişünaslarımız Üzeyir Hacibəyov cənabları çalışmalıdırlar”.

1918-ci ildə vətəndaş müharibəsi ilə əlaqədar Azərbaycanla rabitə kəsilir. Yusif Vəzir vətəndə baş verən hadisələrdən heç bir informasiya almadığı üçün tutduğu vəzifəsini müavininə tapşırıb Simferopola gedir. Orada bir neçə ay ləngidiyi üçün ədliyyə direktorluğunda məsləhətçi işləyir. Krımdakı “Millət” qəzetində “Azərbaycan və azərbaycanlılar” adlı məqaləsini çap etdirir və Litva tatarlarının tarixi ilə maraqlanaraq onların yaranması və vəziyyəti haqqında tədqiqat aparıb yazdığı “Litva tatarları” adlı kitabçasını 1919-cu ildə Simferopolda (Ağ məscid) çap etdirir.

Səsli kitab